NAZ EYLƏMİSƏN

Çoxlar incikdi ki, sən onlara naz eyləmisən,
Mən də incik ki, mənim nazımı az eyləmisən.

Etmisən bu nazı viranə könüldə sultan,
Evin abad ola - dərvişə niyaz eyləmisən.

Hər baxışda çalısan kipriyi mizrab kimi,
Bir qulaq ver, bu sınıq könlü nə saz eyləmisən.

Başdan aç yaylığı, əfşan elə susən-sünbül,
Sən bizim bayramımızsan, qışı yaz eyləmisən.

Kakili başda vurub eyləmisən tac kimi,
O qızıl teldən onu güllü qotaz eyləmisən.

Sən Gün ol, qoy qəmimiz dağda qar olsun, ərisin,
Mənim ancaq işimi suzü güdaz eyləmisən.

Sinə bir dəşti-Muğandır, quzu yan-yanə yatub,
Mənim ağlar gözümü orda Araz eyləmisən.

Xəttü xalından alıb məşqimi "Quran" yazaram,
Bu həqiqətdə məni əhli-məcaz eyləmisən.

Dəstəmaz eyiədiyin çeşmə müsəlman qanıdır,
Bilmirəm hansı kəlisada nəmaz eyləmisən.

Bu gözəllik ki, cahanda sənə vermiş tanrı,
Hər qədər naz eləsən eylə ki, az eyləmisən.

Mən "Əşiran" oxusam, pəncə "İraq" üstə gəzər,
Gözəlim, türk olalı tərki-"Hicaz" eyləmisən.

Mən bu mənada qəzəl yazmağa halım yox idi,
Sən mənimtək qocanı fırfirabaz eyləmisən.

Məni bu suz ilə atdın, aralandın, bilirəm,
Aranı bir para namərd ilə saz eyləmisən,

Ey dan ulduz, məni sən yaxşı tanırsan ki,
Səhər Üfüqü xəlvət edib razü niyaz eyləmisən.

Şəhriyar darda qalıb, dağda daşa daldalanıb,
Özün insaf elə, Məhmudi Ayaz eyləmisən.

_Ustad Şəhriyar/Shahriar_